Balakən Rayon İcra Hakimiyyətinin başçısı Sarıbulaq kəndində səyyar qəbul keçirib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev dekabrın 1-də Sarıbulaq kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək bildirib ki, bu gün Laçın rayonunun Ermənistanın işğalından azad edilməsindən iki il ötür. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistan üzərində şanlı qələbə qazanaraq torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 dekabr 2020-ci il tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandırıb. Rayon rəhbəri qeyd edib ki, bu gün Laçına da yeni həyat qayıdır. İllərlə yurd həsrəti çəkən sakinlərinin qayıdışı ilə Laçın daha da gözəlləşib, canlanacaqdır.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Fərhad Mustafayev kəndin “Emin oba” və “Məktəbin yanı” adlanan ərazisində yolların təmir olmasına, Qələmzər İbrahimova yaşayış evinin yaxınlığındakı elektrik dayaqlarının qəzalı vəziyyətdə olması nəzərə alınaraq təmir işlərinin aparılmasına, Şəfəq Eminova “Emin oba” adlanan əraziya marşrut xəttinin açılmasına, Qızxanım Qoradayeva Sarıbulaq kənd tam orta məktəbinin əsaslı təmiri edilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.