Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı şəhidin adını daşıyan körpəni ziyarət edib

04 avqust 2023 | 16:17
  Bu gün Əlisoltanovlar ailəsində - igid qəhrəmanımızın doğulub boya-başa çatdığı Gərəkli kəndində, ata yurdunda daha bir qəhrəman yetişir. Dayısının adını layiqincə yaşadacaq balaca Vahid böyüyür. O qəhrəman ki, onun gəlişi ilə Əlisoltanovlar ailəsində həyat yenidən canlandı. Körpə dayısının adını daşımaqla, nənə və babasının, dayısını sevənlərin yarasına bir məlhəm oldu. Öz gülüşü, səsi ilə Vahid sevərlərə sevinc, xoşbəxtlik gətirdi.
  Bu münasibətlə şəhid ailəsini ziyarət edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ailənin senincini bölüşüb, göz aydınlığı verib və ən xoş arzularını çatdırıb.
  Qeyd edək ki, Vətən müharibəsi şəhidi Vahid Əlisoltanov 1994-cü il noyabrın 10-da Balakən rayonunun Gərəkli kəndində anadan olub. 2001-2012-ci illərdə Mikayıl Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsil alıb. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında “BTR” komandiri kimi xidmət etməyə başlayıb. Azərbaycan Ordusunun giziri olan Vahid Əlisoltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vahid Əlisoltanov oktyabrın 24-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə  Vahid Əlisoltanov ölümündən sonra  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Keçidlər