Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Balakən Rayon Mərkəzi Xəstəxanasında “Balakən rayonu ərazisində vərəm xəstəliyi və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
10 aprel 2023 | 09:24
10 aprel 2023-cü il tarixdə Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Balakən Rayon Mərkəzi Xəstəxanasında “Balakən rayonu ərazisində vərəm xəstəliyi və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova, Balakən Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova, “Balakən Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsin direktoru Dilbər Quliyeva, Şəki Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə sektor müdiri Elçin Musayev, Balakən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Elnarə Mustafayeva, rayon ərazisindəki kənd həkim və tibb məntəqələrinin rəhbərləri, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova diqqətə çatdırdı ki, yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.7.4.- cü bəndinə əsasən insan üçün təhlükəli olan və sosial əhəmiyyət kəsb edən xəstəliklərin yayılması, o cümlədən baş vermiş və ya baş verməsi ehtimal olunan yoluxucu və kütləvi qeyri-yoluxucu (zəhərlənmə) xəstəliklərin, həyata keçirilən sanitar-epidemioloji tədbirlərin və yaşayış mühitinin vəziyyəti barədə əhalinin vaxtlı-vaxtında məlumatlandırılması işinin təşkili istiqamətində Balakən rayonu ərazisində 2021-ci il, 2022-ci il və 2023-cü ilin birinci rübündə vərəm xəstəliyinə yoluxma və onunla mübarizəyə dair görülmüş işlər və həyata keçirilən tədbirlər diqqətdə saxlanılmış, mübarizə çərçivəsində rast gəlinən çatışmazlıqlar araşdırılmışdır.
Daha sonra çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova vərəm xəstəliyinin tarixi, yayılma səbəbləri və törədiciləri, kimyaterapiyanın tətbiq dairəsi, dünyada, Azərbaycanda və Balakən rayonunda statistikası, görülmüş tədbirlər və qarşıda duran vəzifələr barədə təqdimat etdi.
“Balakən Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsin direktoru Dilbər Quliyeva Xəstəxanada faəliyyət göstərən vərəm kabinetinin fəaliyyəti barədə, səhiyyə sektorunda aparılan islahatlarda infeksion xəstəliklərin qarşısının alınmasına xüsusi əhəmiyyət verildiyini vurğulayaraq vərəm xəstəliyi ilə mübarizə tədbirlərinin diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Balakən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Elnarə Mustafayeva vərəm xəstəliyinə yoluxmanın arealı, səbəbləri, profilaktik tədbirlərin görülmə ardıcıllığı, əhalinin erkən yaşlarda peyvəndlənməsinin xüsusi diqqət mərkəzində saxlanıldığını qeyd edərək tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Şəki Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə sektor müdiri Elçin Musayev təhsil müəssisələrinin rəhbərlərinin infeksion xəstəliklərlə mübarizə çərçivəsində aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində işləməsinin vacibliyini vurğuladı.
“Balakən Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsində şöbə müdiri Məhəmməd Əhmədov çıxışı zamanı vərəm xəstəliyi ilə mübarizə çərçivəsində vərəm kabinetinin fəaliyyətindən, xəstələrin aşkarlanmasındakı operativliyi təmin etmək məqsədilə yerlərdə KHM-in həkimlərinə vaxtaşırı sistemli məlumat verilməsinin və əks əlaqənin vacibliyindən, həmçinin riskli ərazilərin diqqətdə saxlanmasından danışdı.
Tədbirdə maariflənmənin əhali arasında infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasında və əhalinin xəstəliklər barədə məlumatlı olmasındakı rolunu nəzərə alaraq “Vərəmlə Mübarizə Günü” çərçivəsində geniş maarifləndirmə işinə təşəbbüsün artırılması, vərəmin inkişafının sosial risk faktorlarını nəzərə alaraq şəhər və ya kənd əhalisi arasında rifah halının yaxşılaşdırılması işləri zamanı risk qruplarının nəzərə alınması məsələləri geniş müzakirə olundu, təklif və tövsiyələr dinlənildi.
Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.