Balakən rayonu humanitar yardım kampaniyasına qoşulub
Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə göstərilən humanitar yardım kampaniyasına Balakən Rayon İcra Hakimiyyəti də qoşulub. Bu gün Balakən RİH tərəfindən humanitar yardım Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.
Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov, RİH-nin məsul əməkdaşları Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğunun qarşısında yaradılan guşəni ziyarət edib, həlak olanların ruhuna ehtiramlarını bildiriblər.
Turan Dibirov Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb, baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib. Sonra Konsulluqdakı xatirə kitabına başsağlığı qeydi yazıb. Görüş zamanı vurğulanıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş ölkənin zəlzələdən zərər görmüş bölgələrinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.
Həmçinin qeyd edilib ki, xalqımız qardaş millətimizə maddi və mənəvi dəstək olmaq üçün əllərindən gələni edir, Azərbaycan-Türkiyə qardaşlığı bütün zamanların sınaqlarından üzüağ çıxmağı bacarmış, yaxşı və pis günündə bir-birlərinin yanında olduğunu dünyaya isbat etmişdir.