Balakən rayonu növbəti Xurma festivalına ev sahibliyi edib
30 oktyabr 2025 | 10:45
Balakən rayonunda kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan xurmaçılığın daha geniş təbliği məqsədilə oktyabrın 29-da V Xurma festivalı keçirilib.
Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Aqrar İnnovasiya Mərkəzinin və “Balxurma” MMC-nin dəstəyi ilə reallaşan festivalda nazirlik və dövlət qurumlarının nümayəndələri, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilən festivalın rəsmi açılış mərasiminin əvvəlində qonaqlar şərbət, çörək və meyvələrdən hazırlanmış xonça ilə qarşılanıblar. Sonra parkın ərazisində xurma ağacları əkilib.
Festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub. Qonaqlar, həmçinin kənd təsərrüfatı məhsullarının satışı yarmarkası ilə tanış olub, Balakən mətbəxinin nümunələrindən dadıblar.
Qeyd edək ki, Xurma festivalının keçirilməsi Balakən rayonu üçün xüsusi önəm daşıyır. Festival Balakəndə kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını stimullaşdırır, yerli məhsulların xarici bazarlarda satışına təşviq edir. Xurma festivalının keçirilməsi, eyni zamanda, rayonun milli adət-ənənələrinin, qonaqpərvərliyinin, turizm imkanlarının tanıdılmasında, xurmadan hazırlanan məhsulların təşviqində önəmli rol oynayır. Balakən rayonu xurma istehsalına görə respublikada öncül yerlərdən birini tutur. Hazırda rayonda 838 hektar xurma bağı var. Son illər rayonda özəl sərmayələr hesabına meyvələrin, o cümlədən xurmanın qurudulmuş formada istehsalı ilə məşğul olan “Balxurma” və “Balacans” Konserv zavodlarının nəzdində “Balakan Foods” müəssisələri yaradılıb. Müəssisələrdə emal olunan meyvələr Balakənin və digər rayonların sakinlərinin şəxsi xurma sahələrindən yığılır. Tam gigiyenik, ekoloji cəhətdən təmiz xurma məhsulları daxili və xarici bazarlara ixrac edilir.
V Xurma festivalı respublikanın və yerli tanınmış incəsənət ustalarının iştirak etdiyi konsert proqramı ilə başa çatıb.






