Balakən rayonunda 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib
01 mart 2024 | 18:42
1 mart 2024-cü il tarixdə Balakən Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Gərəkli kənd tam orta məktəbdə Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon mülki müdafiə qərargahının üzvləri, hərbi rəhbərlər, şagirdlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbiri giriş sözü ilə Balakən RİHB-nın birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Turan Dibirov açıb. Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar üçün davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.
Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin şöbə rəisi Rəvan Qarayev mülki müdafiənin məqsədi və əhəmiyyəti, yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi barədə şagirdlərə geniş məlumat verib.
Eyni zamanda iştirakçılara fövqəladə hal anlayışı, mülki müdafiə, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, “112” zəng xidmətindən istifadə mövzularında ətraflı məlumat verilib, həmçinin bu barədə video rolik nümayiş etdirilib.
Daha sonra məktəbdə yanğın təlimi keçirilib, həyəcan siqnalı verilib, şagidlərin çölə qaçışı və yaralıların daşınması nümayiş etdirilib.