Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.

14 iyul 2023 | 16:38

        İyulun 14-də Balakən Rayon İcra Hakimiyyətinin və YAP Balakən rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyevin Azərbaycanda  ilk dəfə siyasi hakimiyyətə  gəlişinin 54-cü ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” adlı dəyirmi masa keçirilib.  Rayon ziyalıları, ağsaqqallar, ictimaiyyət nümayəndələri və gənclərin  iştirak ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

       Tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi  var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlanmışdır. Dahi şəxsiyyət hakimiyyətə gəlişi ilə milli düşüncəni oyatmış, illər sonra qurulacaq müstəqil Azərbaycanın potensial bazasını yaratmışdır.

         Daha sonra geniş məruzə nitqi ilə çıxış edən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayaraq qeyd edib ki, 14 iyul tarixi xalqımızın taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunub. Məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi həmin gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi kimi xatırlanır. Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoydu. Heydər Əliyev zəkası bütün sədləri yararaq, qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı.

         Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə Balakən rayon təhsil sektorunun müdiri Elvin Mustafayev öz çıxışında bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ən diqqətçəkən məqamlardan biri də respublikamızda milli kadrların yetişdirilməsi ilə bağlı atdığı böyük addımlar idi.  XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb.

        Həmçinin, digər çıxışlarda vurğulanıb ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu il 14 iyul tarixi Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

      Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.

Keçidlər