Balakən rayonunda 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Balakən rayonunda bayram tədbiri təşkil olunub. Tədbirdə çıxış edən İslam Rzayev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edərək qadınlarımıza xoş və səmimi arzularını çatdırıb. Rayon rəhbəri bildirib ki, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlib. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.
Tədbirdə digər çıxış edənlər respublikamızda və Balakən rayonunda qadınlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən, qadınlara göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Sonra şəhid analarını ziyarət edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə onları təbrik edib. Ana şəfqəti ilə Vətən üçün sağlam ruhda övlad tərbiyə edib böyüdən qadınlarımızın hər zaman diqqət və qayğıya layiq olduqlarını diqqətə çatdırıb. Şəhid analarını, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarını, xanımları əlamətdar bayram münasibətilə təbrik edən İslam Rzayev xalqını ürəkdən sevən qəhrəman övladlar yetişdirdiklərinə görə onlara təşəkkür edib.
Şəhid anaları isə öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.