Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda aqrar sektorun inkişafı diqqət mərkəzindədir

08 sentyabr 2026 | 10:00

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və Prezident Administrasiyasının məsul əməkdaşı İlqar Süleymanov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər üzrə sahibkarların təşəbbüsləri və görülən işlərlə tanış olublar.
Səfər çərçivəsində yaradılması nəzərdə tutulan günəbaxan yağı istehsalı, gön-dəri emalı müəssisəsələrinə, intensiz meyvə bağlarına baxış keçirilib və soyuducu anbarın tikintisi ilə tanış olunub.
Xarici investor, Türkiyə Respublikasının vətəndaşı olan Sərxan Kəltəpə 0,4 ha torpaq sahəsində dəyəri 1,7 milyon manat olan Günəbaxan yağı istehsalı müəssisəsi tikməyi planlaşdırır. Hazırda müəssisənin layihələndirilməsi işləri həyata keçirilir. Eyni zamanda AZZA Firması tərəfindən 4 hektar ərazidə, fərdi sahibkar Nadir Hacıyev tərəfindən 7 hektar sahədə yeni intensiv bağın salınması nəzərdə tutulur. Həmin ərazilərə baxış keçirilib. 4 hektar ərazidə ağacların mühafizəsi və damlama suvarma sisteminin quraşdırılması üçün 133 min manat dəyərində dəmir dayaqlar basdırılıb. Digər ərazidə isə suvarma və kommunikasiya xətlərinin çəkilməsi üçün işlər aparılır.
Rayonda yeni soyuducu anbar komplekslərinin tikintisi istiqamətində də mühüm layihələr həyata keçirilir. “Quton” MMC tərəfindən layihə dəyəri 1,8 milyon manat, saxlama gücü 650 ton olan, fərdi sahibkar Fərid Cəyiyev tərəfindən layihə dəyəri 2 milyon manat, saxlama gücü 2000 ton olan soyuducu anbar komplekslərinin tikintisinə başlanılıb.
Həmçinin fərdi sahibkar Ayparə Dadayevaya layihə dəyəri 500 min manat olan gön-dəri emalı müəssisəsinin yaradılması üçün torpaq sahəsi müəyyənləşib, hazırda sənədləşmə işləri aparılır. Layihənin 2027-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.
Baxış zamanı sahibkarlarla görüşlər keçirilib, onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlərlə maraqlanılıb, təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən yaradılan imkanlardan, o cümlədən subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.
Balakən rayonunun aqrar potensialından daha səmərəli istifadə edilməsi və kənd təsərrüfatının inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
Tədbirin davamı olaraq rayon icra hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin, “Əlaqələndimə Qərargahı”nın üzvlərinin iştirakı ilə görüş keçirilib. Tədbirin məqsədi zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatların diqqətə çatdırılması olub.

Keçidlər