Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda energetiklərin peşə bayramı qeyd edilib

21 oktyabr 2026 | 12:00
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, “Azərişıq” ASC Şimal Qərb RETSİ-nin Balakən Elektrik Şəbəkəsinin rəisi Sabit Məmmədov və energetika sahəsində çalışan əməkdaşlar iştirak ediblər.
İcra başçısı Natiq Ağayev energetikləri peşə bayramı münasibətilə təbrik edərək, onların ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadıqlarını vurğulayıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, 1981-ci il oktyabrın 20-də Azərbaycan İstilik Elektrik Stansiyasının birinci enerji bloku Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə istifadəyə verilib. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli sərəncamı ilə oktyabrın 20-si “Energetiklər Günü” kimi təsis edilib. Bu qərar dövlətin energetika sahəsində çalışan insanların əməyinə verdiyi yüksək qiymətin bariz göstəricisidir.
Bildirib ki, energetika sektoru müasir dövrdə milli təhlükəsizliyin, iqtisadi sabitliyin və sosial rifahın əsas dayaqlarından biridir. Azərbaycan dövləti bu sahəni daim prioritet istiqamət kimi qiymətləndirib. Son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar da energetika sektoruna göstərilən yüksək diqqəti və müəyyənləşdirilmiş prioritetlərin ardıcıl şəkildə həyata keçirildiyini təsdiqləyir. O, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük qayıdış və yenidənqurma mərhələsinin başlandığını diqqətə çatdırıb.
Digər çıxış edənlər energetika sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin regionlarda sabit enerji təchizatını təmin etdiyini, bunun da əhalinin sosial rifahının yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd ediblər. Onlar bütün energetikləri peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, fəaliyyətlərində yeni uğurlar və nailiyyətlər arzulayıblar.
Sonda energetika sahəsində uzunmüddətli səmərəli fəaliyyəti, peşəkarlığı və xidmətləri ilə fərqlənən bir qrup fəal energetik Balakən Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.
Keçidlər