Balakən rayonunda görkəmli akademik Zərifə xanım Əliyevanın 102 illiyi qeyd edilib
Aprelin 28-də Balakən rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş “Nurlu ömrün işığı” adlı konfrans keçirilib.
Rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda iştirakçılar əvvəlcə akademik Zərifə xanım Əliyevaya həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə alimin elmi əsərləri, onun haqqında yazılmış kitablar yer alıb.
Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Konfransda çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Ölkəmizdə yayılmış bir çox göz xəstəliklərinin müalicəsində Zərifə xanım Əliyevanın böyük əzmi və fəaliyyətinin olduğunu söyləyən rayon rəhbəri vurğulayıb ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub. Qeyd edilib ki, Zərifə xanım Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olmuşdur.
Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva, rayon Heydər Əliyev Mərkəzinin direktoru Leyla Qarayeva Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən danışaraq onun oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən, Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın müalicəsindəki fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, o, Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olmaqla, özünün tibbi bilikləri ilə xalqımızın qayğısına qalıb. Zərifə xanım xeyirxah, humanist və ictimai xadim kimi xalqımızın yaddaşında yaşayır və daim gözəl xatirələrlə anılır.
Konfransın sonunda rayon mədəniyyət işçilərinin və şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.