Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib

02 iyul 2025 | 18:50
Balakən rayonunda Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü münasibətilə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, rayon polis şöbəsinin rəisi, polis polkovniki Çingiz Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları və veteran polislərin iştirakı ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkəmizin ictimai-siyasi həyatında sabitliyin təmin olunmasında polisin xüsusi rolunun olduğunu vurğulayan rayon rəhbəri bildirib ki, hava durumundan, günün saatından asılı olmayaraq asayiş keşikçiləri daima məslək başındadırlar və vətəndaşların xidmətindədirlər. Azərbaycan polisinin inkişafı və bugünkü nailiyyətlərinin məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran RİH başçısı qeyd edib ki, Ümummilli Liderin siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev polis strukturuna daim diqqət və qayğı göstərib.
Balakən RPŞ-nin rəisi, polis polkovniki Çingiz Aslanov Azərbaycan polisinin şərəfli tarixindən söz açıb. Qeyd olunub ki, Azərbaycan polisi hazırda güclü maddi-texniki bazaya malik olmaqla ölkəmizdə ictimai asayişin qorunmasında xüsusi rol oynayan hüquq-mühafizə strukturlarından birinə çevrilib. Əldə olunan bu inkişafın nəticəsidir ki, respublikamızda kriminaloji durum nəzarət altında saxlanılır, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri həyata keçirilir.
Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Balakən Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.
Daha sonra polis əməkdaşları tərəfindən şəhid ailələri ziyarət olunub.
Keçidlər