Balakən rayonunda qarğıdalı və taxıl sahələri üzrə sığorta ödənişləri edilib
02 iyul 2025 | 18:21
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı artmaqdadır.
Aqrar Sığorta Fondu tərəfindən Balakən rayonunda fəaliyyət göstərən fermerlərə ödənişlər həyata keçirilib.
Bununla əlaqədar olaraq Balakən rayonunun Hənifə kəndində tədbir və fermerlərlə görüş keçirilib.
Görüşdə yerli fermerlərə aqrar sığorta mexanizmi, onun işləmə prinsipi, sığorta haqlarının hesbalanması, qarğıdalı və taxıl sahələrində zərər hadisəsi baş verdikdə zərərin hesablanması prosesi və sair barədə məlumat verilib.
Bildirilib ki, aqrar sığorta vasitəsilə əkin sahələri, heyvnadarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq miümkündür. Aqrar Sığorta Fondu ümumilikdə 41 bitkini sığorta edir, buraya taxıl, qarğıdalı, günəbaxan, qoz-fındıq, demək olar ki, bütün əsas meyvələr, meyvə bağları, bostan və tərəvəz bitkiləri, qarpız-yemiş və sair bitkilər aiddir. Bitkiçilik sahəsində sahədən gözlənilən məhsulla yanaşı, ayrıca olaraq ağacları və kolları, eləcə də tingləri də çoxsaylı hadisələrdən sığorta etmək mümkündür.
Bildirilib ki, Şəki-Zaqatala regionuna daxil olan Balakən rayonu təbiət hadisələrinin tez-tez baş verdiyi, qeyri-sabit hava şəraiti olan ərazilər sayılır. Burada baş verən təbiət hadisələri, xüsusilə dolu və sel-subasma halları əkin sahələrinə böyük zərər vurur.
Təsadüfi deyil ki, Aqrar Sığorta Fondunun bu bölgədə həyata keçirdiyi sığorta ödənişlərinin əksəriyyəti də dolu, fırtına və subasma hadisələri üzrədir.
Tədbirdə ödəniş alan fermer Musa Şeyixov aqrar sığorta mexanizminin faydalarını xüsusi qeyd edib. Qarğıdalı sahəsini dolu vurması nəticəsində 10 min manatdan artıq ödəniş alan M.Şeyixov Aqrar Sığorta Fondunun fəaliyyətini xüsusi qeyd edərək bütün fermerləri təsərrüfatlarını sığortalamağa çağırıb.
Fermer Əkrəm Eminov əkin sahəsinin sığortalanması zamanı fermerin ödəməli olduğu sığorta haqqının məbləğinin həmin sahədən gözlənilən məhsulun dəyəri ilə müqayisədə qat-qat aşağı olduğunu qeyd edərək sığortanın sərfəli olduğunu bildirib.
Qeyd edək ki, aqrar sığortada fermerlərə 50%-lik dövlət dəstəyi mövcuddur, belə ki, sığorta haqqının yarısını fermerin əvəzinə dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödənişlə təsərrüfatlarını sığorta edə bilərlər.
Məsələn, Şəki-Zaqatala bölgəsində 1000 manatlıq məhsul gözlənilən buğda sahəsinin sığortalanması cəmi 19 manata, 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) sığortalanması isə illik cəmi 7 manata başa gəlir.
Tədbirdə fermerlərə sığorta ödənişləri təqdim olunub. Balakən rayonundan fermer Əkrəm Eminova qardılağı sahəsində dolu nəticəsində dəyən zərər üzrə 6340 manat, fermer Musa Şeyixova qarğıdalı sahəsində fırtına səbəbindən dəmiş zərərə görə, 10 352 manat sığorta ödənişi edilib.
Sonda Aqrar Sığorta Fondunun nümayəndələri aqrar sığortadan faydalanmaq üçün zəruri tövsiyyələr verib, mexanizmin iş prinsipini açıqlayıb, fermerləri bu imkandan istifadə etməyə çağırıblar.
Xatırladaq ki, hazırda fermerlər və torpaq sahibləri, eləcə də heyvandarlıq təsərrüfatlarının nümaynədələrini öz təsərrüfatlarını AsanPay ödəniş sistemi vasitəsilə, evdən və iş yerindən ayrılmadan sığorta edə bilərlər.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.






