Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda “Uşaqlara qarşı zorakılığa YOX deyək!” adlı tədbir keçirilib

22 noyabr 2023 | 16:10
  Noyabrın 22-də Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Akademik Z.Əliyeva adına şəhər 3 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9-cu bəndinin (Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələrini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi) icrası ilə əlaqədar “Uşaqlara qarşı zorakılığa YOX deyək!” mövzusunda tədbir keçirilib.
  Tədbirdə Balakən RİH yanında fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın məsul katibi Gültac Əfəndiyeva və məsləhətçi-psixoloqu Arzu Əliyeva, rayon prokurorluğunun əməkdaşı Kənan Əlişzadə, RPŞ-nın nümayəndəsi Sahil Bayramov, rayon Gənclər Evi sosial xidmət müəssisənin əməkdaşı Fuad Mikayılov və yuxarı sinif şagirdləri iştirak ediblər.
  Tədbiri giriş sözü ilə açan Balakən RİH yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın məsul katibi Gültac Əfəndiyeva Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nı və bu plana əsasən qarşıda duran vəzifələri iştirakçıların nəzərinə çatdırıb. Bildirilib ki, uşaqların həm fiziki, həm də psixi inkişafına nail olmaq müasir dövrün ən qlobal çağırışlarındandır. Uşaqlar cəmiyyətin, ailənin güzgüsüdür. Onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafına, hərəkətlərinə, düşüncələrinə təsir göstərir, şəxsiyyət kimi formalaşmalarını təmin edir. Bəzi hallarda uşaqlara düzgün münasibət göstərilmir və bu, bir çox fəsadlara gətirib çıxarır. Uşaqlara qarşı tətbiq edilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olur.
Psixoloq Arzu Əliyeva qeyd edib ki, zorakılığa məruz qalan uşaqlarda dərslərində geriləmə, fokuslana bilməmə, ünsiyyət problemləri yaşanır. Qruplararası münasibətlərdə bu uşaqlarda öz potensial bacarıqlarını ortaya qoya bilməmə probleminə səbəb olur. Bu da gələcəkdə psixi cəhətdən qüsurlu gənclərin yetişməsinə gətirib çıxarır. Bu kimi halların baş verməməsi üçün hər bir fərd şəxsiyyət kimi yetişməli, öz mənliyi, şəxsiyyətini dərk etməli, öz hüquqlarını bilməli, azad fikir, azad düşüncə aşılamalıdır. 
Digər çıxış edənlər vurğulayıblar ki, zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir. Cəmiyyəti ən çox narahat edən problemlərdən biri olan uşaqlara qarşı zorakılıq yaradan səbəblər, zorakılığa məruz qalmış uşaqlara yardım, şiddətin heç bir növünün düzgün tərbiyə metodu olmadığı, əksinə cəmiyyətə qarşı nifrətin başlanğıcı olması, zorakılığın uşaqlarda yaratdığı travmalar, psixoloji problemlər, eləcə də zorakılıq növlərindən biri olan bullinq, onun növləri və formaları haqqında iştirakçılara geniş məlumat verilib.
  Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər