Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub

27 sentyabr 2022 | 15:03

   27 Sentyabr – Anım Günündə şəhidlərimizin xatirəsi Balakən rayonunda anılıb. Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsinə həsr olunan anım tədbirləri keçirilib.

   Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizə ehtiram əlaməti olaraq rayon Bayraq muzeyindən Şəhidlər Xiyabanına doğru yürüş təşkil edilib. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Vətən müharibəsində Balakən rayonundan olan şəhidlərin fotolarından ibarət plakatlarla yürüş edərək şəhidlərimizə ehtiramın əbədiliyini nümayiş etdiriblər.

   Daha sonra şəhidlərimizin ailə üzvləri ilə birlikdə “Şəhidlər Xiyabanı”nda ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş mərd Vətən oğullarının məzarlarını ziyarət ediblər. Şəhidlərimizin məzarlarına gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

   “Şəhidlər Xiyabanı”nda şəhidlərimizə dərin ehtiram əlaməti olaraq onların xatirəsinə ağaclar əkilib.

   Rayon mədəniyyət və istirahət parkında davam etdirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Ramil İsmayılov, şəhid Kamal Məmmədovun anası Zümrüd Alqayeva, şəhid Vahid Əlisoltanovun anası Validə Əlisoltanova, “Qartallar Şuşaya uçur” kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramazan Xutra   çıxış ediblər. Çıxışlarda bildirilib ki, 2020-ci il dekabr 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabr ayının 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Qələbə əldə etdi.  Həmçinin vurğulanıb ki, 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi sayəsində rəşadətli Silahlı Qüvvələrimizin, cəsur əsgər və zabitlərinin misilsiz şücaət göstərdiklərini və qəhrəmanlıq salnaməsi yazdılar. Tarixi Zəfərin qazanılması ilə ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olunub və tarixi ədalət bərpa edilib. Hər bir azərbaycanlının ən böyük qürur mənbəyi olan şəhidlərin qəlblərdə əbədi yaşayacağı qeyd olunub,  ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından bəhs olunub.

   Daha sonra rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

   Saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi  Balakən rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Keçidlər