Balakən rayonunun Katex kəndində “Prior Leasing” ASC-nin yeni filialının açılışı olub
16 oktyabr 2026 | 15:00
Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, “Prior Leasing” ASC-nin rəhbəri Araz Səfərli, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, təsərrüfatçılar iştirak etmişlər.
Tədbir çərçivəsində kənd təsərrüfatı sahəsində istifadə üçün nəzərdə tutulan müasir traktorlar və müxtəlif təyinatlı aqreqatlar nümayiş etdirilib.
Açılışda çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı cənab Natiq Ağayev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində aqrar sahədə qarşıya qoyulmuş hədəflərdən geniş söhbət açmışdır. Həmçinin bu cür filialın açılmasının kənd təsərrüfatı istehsalçılarının müasir texnikaya çıxış imkanlarının genişləndirilməsi, fermerlərin texniki təminatının yaxşılaşdırılması və aqrar sahədə xidmətlərin əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir.
Açılışda iştirak edən "Prior Leasing” ASC-nin baş direktoru Araz Səfərli kənd təsərrüfatı texnikalarının təqdimatı və satışı ilə yanaşı, ehtiyat hissələrinin satışı, eləcə də traktorlara texniki servis xidmətləri göstəriləcəyi barədə məlumat vermişdir. Bu imkanların fermerlərin qarşılaşdıqları texniki məsələlərin operativ həllinə, texnikalardan səmərəli istifadəyə və kənd təsərrüfatı işlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyini qeyd etmişdir.
Yeni filialın istifadəyə verilməsi Balakən rayonunda aqrar sahənin maddi-texniki bazasının gücləndirilməsi, kənd təsərrüfatı istehsalçılarının müasir texnika və servis xidmətləri ilə təmin olunması baxımından əhəmiyyətli hadisədir.
Qeyd edək ki, filialın fəaliyyəti bölgədə fermerlərə göstərilən xidmətlərin genişləndirilməsinə və kənd təsərrüfatının texniki imkanlarının artırılmasına töhfə verəcəkdir.






