Balakən rayonunun Qabaqçöl qəsəbəsində Novruz şənliyi keçirilib
Martın 18-də Balakən rayonunun Qabaqçöl qəsəbəsində Novruz bayramı münasibətilə tədbir keçirilib. Qəsəbənin mərkəzində keçirilən bayram tədbirində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak edib.
Əvvəlcə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev musiqi sədaları altında bayram tonqalını alovlandırıb. Bahar qızı şənlik iştirakçılarını qədim adət-ənənələrimizdən olan Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza bahar təravətli günlər arzulayıb.
Tədbir iştirakçılarını Novruz gəlişi münasibətilə təbrik edən rayon rəhbəri İslam Rzayev bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. İcra başçısı bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən İslam Rzayev onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. Bildirib ki, Novruz bayramını ölkəmizdə yaşayan etnik və dini müxtəlifliyindən asılı olmayaraq hər kəs ruh yüksəkliyi və sevinclə bayram edir.
Rayon rəhbəri qeyd edib ki, son beş ildə isə Novruz bayramının qeyd edilməsi xüsusi məna daşıyır. Artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilir.
Sonra Novruzun rəmzləri olan kosa və keçəlin, bahar qızının iştirakı ilə əyləncəli proqramlar, bayram münasibətilə hazırlanmış təamlar nümayiş olunub. Rayon mədəniyyət işçilərinin ifasında bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, yerli folklor qrupunun rəqsləri, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.