Balakən rayonunun Yeni Şərif kəndində 360 şagird yerlik məktəb binası istifadəyə verilib
Sentyabrın 15-də Balakən rayonunun Rauf Hədisov adına Yeni Şərif kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik bina istifadəyə verilib. Məktəb binasının tikintisi Prezident İlham Əliyevin “Balakən rayonunun Yeni Şərif kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 31 iyul 2020-ci il tarixli Sərəncamına əsasən aparılıb.
Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, millət vəkili Nəsib Məhəməliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və təhsil işçiləri iştirak edib.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü ardıcıl tədbirlərdən danışıb. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayan İslam Rzayev 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan Qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən də söz açıb. Məktəbliləri yaxşı oxumağı, elmə, biliyə daha dərindən yiyələnməyi, milli ruhda böyüməyi, Vətəni sevməyi, ulu öndər Heydər Əliyevin ideyalarına, azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişdirməyi tövsiyə edib.
Millət vəkili Nəsib Məhəməliyev çıxış edərək dövlət səviyyəsində təhsilə göstərilən diqqət və qayğıdan danışıb, son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü qeyd edib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yönəldilən mühüm tədbirlərdən söz açıb. Pedaqoji kollektivi tədrisin keyfiyyətini daha da yaxşılaşdırmağa, şagirdləri biliklərə daha əzmlə yiyələnməyə çağırıb. Bildirib ki, dövlətimizin daha da qüdrətli olması üçün güclü təhsilə sahib olmaq önəmlidir. Bunun üçün çalışqanlıq, əzmkarlıq, dürüstlük, qətiyyət, xalqa sevgi, dövlətə sədaqət kimi mənəvi dəyərlər daim zehin və ürəklərimizdə olmalıdır.
Daha sonra çıxış edən "Qabaqcıl Təhsil İşçisi" döş nişanı, "Tərəqqi" medalı ilə təltif olunmuş məktəbin təqaüddə olan müəllimi Tinov Bağmanov təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, yeni tədris ilində şagirdlərə müvəffəqiyyətlər arzulayıb.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. 360 şagird yerlik tədris binasında 15 sinif otağı, kimya, biologiya, fizika kabinet və laboratoriyaları, informatika, gənclərin çağırışaqədərki hazırlıq və 2 texnologiya kabineti, məktəbəhazırlıq otağı, kitabxana və kompüterlərlə təchiz olunmuş oxu zalı, 140 nəfərlik akt zalı, qarderob, idman zalı, 84 nəfərlik bufet şagirdlərin istifadəsinə verilib. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. Məktəbin həyətində hasar çəkilib, asfalt örtük döşənib, abadlıq işləri aparılıb, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, işıqlandırma dirəkləri basdırılıb.
2022-2023-cü tədris ilində təhsil müəssisəsində 254 şagird, məktəbəhazırlıq qrupunda 19, birinci sinifdə isə 20 uşaq təhsil prosesinə cəlb olunub. Məktəbdə 30 nəfər pedaqoji işçi çalışır.
Ümumilikdə rayon üzrə 2022-2023-cü tədris ilində 66 birinci sinifdə 1101 nəfər şagird təhsil alacaqdır.