Balakən RİH başçısının növbəti səyyar qəbulu
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev iyulun 20-də Balakən rayonunun Xalatala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Kənd sakini Bikə Xəlilova 360 şagird yerlik Xalatala kənd tam orta məktəbinə şəhid polkovnik-leytenant Nəbiyev Elçin Fikrət oğlunun adının verilməsinə, Rəfail Atayev 400 nəfər kənd sakininin yaşadığı “Qebel oba” adlanan ərazidə yolun kənarında yerləşən 700 m uzunluğunda su kanalının təmizlənməsinə, Zeynalabid Qarayev, Ramazan Uruxov kəndin yuxarı hissəsində 150 nəfər kənd sakininin yaşadığı “Meşəyanı” və 200 nəfər kənd sakininin yaşadığı “Heydərovlar oba” adlanan ərazilərdə içməli su probleminin həll edilməsi üçün artezian quyusunun qazılmasına, Qazımahama Abduyev kənd məscidinə gedən yolun qum-çınqıl döşənərək hamarlanmasına, Rizvan Maçanov 120 nəfər kənd sakininin yaşadığı “Timirovlar oba” adlanan ərazidə elektrik təsərrüfatında yenidənqurma işlərinin aparılması və qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.