Balakən RİH-də “Korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər” mövzusunda növbəti təlim keçirilib
Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik müvəkkilinin 2022-ci il üçün iş planına əsasən, rayon icra hakimiyyəti başçısı aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin işçiləri üçün “Korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavinləri Nəzakət Rüstəmova, Mehparə Əliyeva, etik müvəkkil Pirdas Qardaşova, şöbə müdirləri və əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin məsul işçiləri iştirak ediblər.
RİH-nin Hüquq şöbəsinin müdiri, etik müvəkkil Pirdas Qardaşova “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü və 14-cü maddələri, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 saylı Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş vəzifələr haqqında çıxış edib. Dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi sahəsində yerli icra hakimiyyəti orqanlarının qarşısında duran vəzifələr barədə məlumat verib.
Daha sonra təlim iştirakçıları ilə mövzu ətrafında sual-cavab xarakterli müzakirələr aparılıb.