Balakən RİH-in başçısı İslam Rzayev növbəti vətəndaş qəbulu keçirib
Aprelin 24-da rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Şambul kəndində səyyar qəbul keçirib. Qəbulda YAP rayon təşkilatının sədri Azad Balayev, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi müsahibənin bəzi hissələrini iştirakçıların diqqətinə çatdırıb, eyni zamanda dövlət başçısının Çinə səfəri haqqında məlumat verib.
Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Məlahət Musalova kəndin “Samuxoba” adlanan ərazisində artezian quyusunun qazılmasına, Nazim Urkayev “Təzə kənd” adlanan ərazidəki qəzalı elektrik dayaqlarının yenisi ilə əvəz olunmasına, Hacıyav Çixinov Mazımçayının daşaraq kənd qəbirstanlığını yumasının qarşısının alınması üçün beton-bəndin vurulmasına, Maqsud Bazarov isə Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun Şambul kəndindən keçən hissəsində müasir işıqlandırma sisteminin qurulmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.