Balakən RİH-in başçısı İslam Rzayev növbəti vətəndaş qəbulunu Meşəşambul kəndində keçirib
08 may 2025 | 18:05
Mayın 8-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Meşəşambul kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Əli Nahayev kənd ərazisindəki kanalın təmizlənməsinə, Qafar Qafarov kəndarası yolların təmir edilməsinə, Əhməd Bazarov kəndin içindən keçən suötürücü kanalın istiqamətinin dəyişdirilərək “Mazımçay”a birləşdirilməsinə, Hudul Hudulov kəndin “Hudulovlar oba” adlanan ərazisindəki artezian quyusunun təmizlənməsinə və yolun qum-çınqıl tökülərək qreyderlə hamarlanmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.