Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən RİH-in başçısı İslam Rzayev vətəndaşlarla görüş keçirib

22 may 2025 | 17:53

  Mayın 22-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Talalar kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısında iştirak etməsi barədə məlumat verib. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib.

  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Nüsrət Əliyev kənddaxili yolun asfaltlanmasına, Ramiz Şahverdiyev “Batanbulaq” adlanan ərazidəki artezian quyusunun ətrafının çökməsinin qarşısının alınmasına, Hümbət Umarov isə Talalar-Qazma yolunun üzərindəki suötürücü borunun böyük həcmli boru ilə əvəz edilməsinə  köməklik göstərilməsini xahiş ediblər.

  Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.

  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

  Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər