Balakən RİH-nin başçısı İslam Rzayev Hənifə kəndində sakinlərin müraciətlərini dinləyib
Yanvarın 21-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Hənifə kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək 2024-cü ildə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurları qeyd edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasət haqqında məlumat verib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Abdurahman Həsənov kəndin Qaraxanlar oba adlanan ərazisindəki yolun asfaltlanmasına, Şöhrət Hüseynov “Şəhid Orxan Hüseynov” adına küçənin çınqıl tökülərək hamarlanmasına, Şaban Daşdəmirov isə kəndin “Kərpic zavodun yanı” adlanan ərazisində sakinlərin suya təlabatının ödənilməsinə köməklik göstərilməsini xahiş edib.
Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.