Balakən RİH-nin başçısı İslam Rzayev Püştətala kəndində vətəndaşlarla görüşüb
Aprelin 16-da rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Püştətala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakından və keçirdiyi ikitərəfli görüşlərdən bəhs edib. Eyni zamanda ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasət haqqında məlumat verib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Azər Məmmədov Əli Şirinov adına Qaravəli kənd tam orta məktəbinin qarşısındakı yola tənzimləyici yol nişanlarının qoyulmasına, Fərman Mollaçıyev kəndin ərazisindən keçən Qara çayın məcrasındakı ağacların ətraf ərazidəki pay torpaqlara sel təhlükəsi yaratmasının qarşısının alınmasına, Rəcəb Mollaçıyev kəndin Mollaçıbinə yaşayış məntəqəsindəki 1 km uzunluğunda dövlət yolunun təmir edilməsinə, Qurban Sofiyev kəndin Qamıştala yaşayış məntəqəsində subartezian quyusunun qazılmasına və yolun təmir edilməsinə, İsa Balamedov kənd ərazindəki suötürücü kanalların təmizlənməsinə, Şaban Umrayev isə kənd ərazisindəki örüş sahələrinin kənarındakı zibillərin təmizlənməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.