Balakən ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib
14 iyun 2024 | 15:57
İyunun 14-də ölkəmizin hər yerində olduğu kimi, Balakən rayonunun ümumtəhsil məktəblərində də dərs ilinin başa çatdığını bildirən son zəng çalınıb. On bir il bundan əvvəl titrək addımlarla məktəb astanasına qədəm qoyan onbirincilər bu gün məktəb illərinə “əlvida” deyiblər.
“Son zəng” münasibətilə rayonun ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə məzunlar, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbdə “Son zəng” tədbirində iştirak edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsi, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, əsası Ulu Öndər tərəfindən qoyulan təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bütün sahələrlə yanaşı, təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində icra edilən dövlət proqramları, reallaşdırılan layihələr təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir. Rayon rəhbəri məzunları, onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edərək məzunlara müstəqil həyatda uğurlar arzulayıb, ölkəmizin bundan sonra da hərtərəfli inkişafı və çiçəklənməsi işinə öz layiqli töhfələrini verəcəklərinə əminliyini ifadə edib.
Məzunlar onların qayğısını çəkən, elmin sirlərini səylə, səbirlə öyrədən, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına çalışan müəllimlərə və valideynlərə minnətdarlıqlarını bildirərək, Azərbaycanımıza, doğma yurda layiqli vətəndaş olmalarına söz veriblər.
“Son zəng” mərasimləri məktəblilərin hazırladıqları musiqili, ədəbi-bədii proqramla davam edib.
Qeyd edək ki, 2023-2024 tədris ilində Balakən ümumtəhsil məktəblərindən 742 şagird məzun olub.