Balakəndə 1 noyabr - Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü qeyd edilib
Balakən rayonunda 1 noyabr Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə dərin ehtiramlarını bildiriblər. Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev kənd təsərrüfatı işçilərini təbrik edərək, onlara çətin və şərəfli işlərində uğurlar diləyib. İcra başçısı kənd təsərrüfatı işçilərinin əməyinə yüksək qiymət verdiyinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirərək, bu günkü bayram gününü dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirib. İslam Rzayev 2022-ci ilin Balakən rayonunundakı aqrar sahə üçün də uğurlu il olduğunu qeyd edib.
Xatırladaq ki, 2022-ci ildə Balakən rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, rayon üzrə 30,6 ton barama, 29388 ton tərəvəz, 41143 ton qarğıdalı, 6065 ton kartof, 4348 ton bostan, 400 ton lobya, 36713 ton ət, 16605 ton süd, 250 ton bal, 7861 min ədəd yumurta istehsal olunmuşdur. Cari ildə rayon ərazisində kənd təsərrüfatının əksər sahələrində artım müşahidə edilmişdir.
Tədbirdə fəaliyyətlərində fərqləndiklərinə görə bir sıra kənd təsərrüfatı əməkdaşları Balakən Rayon İcra Hakimiyyəti başçısının müvafiq fəxri fərmanları ilə təltif olunublar. Sonda xatirə şəkli çəkilib.