Balakəndə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb
20 yanvar 2024 | 13:20
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü Balakən rayonunda silsilə tədbirlərlə qeyd edilib.
Yanvarın 20-də rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək, ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman oğulların məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Mərasimdə iştirak edənlər 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib, bu hadisələrin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar. Günahsız qurbanlarımızın, vətən uğrunda canını fəda edən şəhidlərimizin qanının yerdə qalmadığını qeyd ediblər.
Saat 12:00-da 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.