Balakəndə 26 İyun- Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib
İyunun 25-də Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə görüş keçirilib. Görüşdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
“Qubek” otelinin iclas zalında keçirilən görüşdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, 26 iyun Azərbaycan tarixinin əlamətdar səhifələrindən biri - Milli Ordunun yarandığı gündür. Məhz 106 il əvvəl Azərbaycan Ordusunun yaranması milli dövlətçilik tarixinin mühüm mərhələlərindən biri kimi tarixə düşüb. Müstəqil Azərbaycan Ordusunun inkişaf edərək yeni mərhələyə qədəm qoyması məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adları ilə bağlıdır. 44 günlük Vətən müharibəsi xalqımızın şanlı Zəfər tarixi olduğunu qeyd edən icra başçısı Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərin daim hörmət və ehtiramla yad edildiyini bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması olduğunu diqqətə çatdırıb. Bütün ölkə ərazisində olduğu kimi, Balakən rayonunda da şəhid ailələrinə və qazilərə diqqət və qayğı davamlı olaraq göstərilməkdədir.
Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Ordusu möhkəm maddi-texniki bazaya malikdir və ən müasir silahlarla təchiz olunub. Məhz Ali Baş Komandanın səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. 2020-ci il sentyabrın 27-də Azərbaycanın Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsi təkcə ölkəmizin tarixində deyil, dünya hərb tarixində mühüm iz qoyub. Torpaqlarımızın azad olunması ilə bağlı əmrə daim hazır olan Azərbaycan Ordusu Vətən müharibəsi günlərində bir addım da geri çəkilməyərək düşmənə ağır zərbələr vurub və 44 gün ərzində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib.
Digər çıxış edən şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu sahəsində son illərdə əldə olunmuş uğurlardan danışıblar.
Şəhidlərin ailə üzvləri, qazilər dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunduqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.