Balakəndə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib
Martın 31-də Balakən rayonunda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, , hüquq-mühafizə orqanlarının idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon sakinləri “Azərbaycanlıların soyqırımı” abidə-kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər. Soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.
Çıxışlarda bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında böyük əksəriyyəti ermənilərdən ibarət olan daşnak-bolşevik silahlı birləşmələri tərəfindən Bakı şəhərində, habelə Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər bölgələrimizdə on minlərlə dinc azərbaycanlı etnik və dini mənsubiyyətinə görə kütləvi surətdə qətlə yetirilib, soydaşlarımız işgəncələrə məruz qalıb. Bu qanlı hadisələrdən 107 il ötür. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olunmaqla, soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi məqsədilə müvafiq tədqiqatların aparılmasına, həqiqətlərin üzə çıxarılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Diqqətə çatdırılıb ki, bu gün bütün şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Qələbəyə aparan uzun yol 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə başa çatdı. İgid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edildi, 31 Mart soyqırımları və ondan sonra da azərbaycanlılara qarşı törədilən cinayətlərin qisası alındı. Hər bir azərbaycanlı 31 Mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır.