Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

31 mart 2026 | 11:00

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Balakən şəhərində anım tədbiri keçirilib. Anım tədbirində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxışlarda bildirilib ki, xalqımıza qarşı 1918-ci ildə törədilmiş soyqırımından 108 il ötür. Həmin vaxt erməni daşnakları Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı vəhşiliklər törədərək on minlərlə günahsız, dinc sakini milli mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetiriblər. Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Qeyd edilib ki, ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin cavabı 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri zamanı verildi. Azərbaycan Ordusu işğala son qoyaraq ölkənin ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi, 31 Mart soyqırımları və ondan sonra da azərbaycanlılara qarşı törədilən cinayətlərin qisası alındı.
Bu gün hər bir azərbaycanlı 31 Mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır.
Daha sonra tədbir iştirakçıları soyqırım qurbanlarının əziz xatirəsinə ucaldılmış Xatirə Kompleksinin önünə gül-çiçək dəstələri düzüb, “Soyqırım bağı” ərazisində ağac əkiblər.

Keçidlər