Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib

08 sentyabr 2022 | 12:28

   Sentyabrın 8-də Balakən rayon Mədəniyyət Mərkəzində ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə görüş keçirilib. Görüşdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə Təhsil sektorunun müdiri  Elçin Musayev, valideynlər və təhsil işçiləri iştirak ediblər.

   Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, qəbul imtahanlarının nəticələri Balakən rayonunun məzunları üçün uğurlu olub. Ali məktəblərə daxil olmaq üçün sənəd vermiş balakənli məzunlardan 290 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 46 nəfəri 500-dən, 10 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Balakən şəhər Nizami adına 1 saylı məktəbin məzunu İlham Qadalov qəbul imtahanlarında rayon üzrə hamıdan çox – 662 bal toplayaraq Bakı Mühəndislik Universitetinə daxil olub. Rayon üzrə Humanitar və texniki təmayüllü liseyin, Nizami adına şəhər 1 saylı, Nəsimi adına şəhər 2 saylı, Kortala və Qaravəli kənd tam orta məktəbin məzunları ali məktəblərə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstəriblər. Təhsil ilinin yekunlarına görə, 1 məzun gümüş medala layiq görülüb, 9 nəfərə fərqlənmə attestatı verilib.

   Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə Təhsil sektorunun müdiri  Elçin Musayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, yüksək bal toplayan məzunun valideyni Aynurə Əliyeva, ən yüksək bal toplayan məzun İlham Qadalov çıxış edərək  gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar. Təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

   Tədbirin sonunda imtahanlarda yüksək nəticə göstərən məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Keçidlər