Balakəndə "Azərbaycan memarlığında Heydər Əliyev imzası” adlı konfrans keçirilib
08 may 2026 | 15:00
Mayın 8-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Azərbaycan memarlığında Heydər Əliyev imzası” mövzusunda konfrans keçirilib. Rayon Heydər Əliyev Mərkəzində baş tutan konfransda Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Turan Dibirov, Yeni Azərbaycan Partiyasının fəalları, şəhid ailələrinin üzvləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, məktəb direktorları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himninin səslənib. "Azərbaycan memarlığında Heydər Əliyev imzası” adlı filmin nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Turan Dibirov bildirib ki, müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyev bu gün bütün dünyaya səs salmış müasir və müstəqil Azərbaycanın qurulması, inkişafı və tərəqqisində əvəzsiz rol oynamış, ictimai-siyasi, sosial-iqtisadi fəlakət astanasında olan Azərbaycanı uçurumdan, yox olmaqdan, daxili çəkişmələrdən xilas edib. Ulu Öndərin iradəsi, cəsarəti və qətiyyəti, uzaqgörən və müdrik siyasəti nəticəsində xalqımızın Qarabağ həsrətinə son qoyulduğunu vurğuluyan Turan Dibirov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyanın ən qüdrətli, surətlə inkişaf edən, aparıcı dövlətə çevrildiyini, hər birimizin bugünkü Azərbaycanımıza görə Ulu Öndərimizə, ölkəmizin parlaq gələcəyinə görə isə cənab Prezidentimiz İlham Əliyevə minnətdar olduğumuzu diqqətə çatdırıb. Qeyd olunub ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın memarlıq üslubunun qorunmasına böyük həssaslıqla yanaşıb. Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir. Onun rəhbərliyi illərində həyata keçirilən quruculuq işləri həm Bakının, həm də regionların simasını əsaslı şəkildə dəyişdirmişdir.
Mövzu ətrafında digər çıxış edənlər Balakən rayonu üzrə gənclər və idman sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Sarxan Hacıyev, RİH-in Memarlıq-tikinti məsələləri sektorunun aparıcı məsləhətçisi Oruc Orucov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Jalə Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb regional bölməsinin sədri Əlmaniz Ələkbərli Ulu Öndər Heydər Əliyevin zəngin və şərəfli həyat yolu, çoxşaxəli siyasi fəaliyyəti və xilaskarlıq missiyasından bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu ildən başlayaraq şəhərsalma sahəsində sistemli islahatlar həyata keçirilib. Həmin dövrdə Bakının Baş planı yenidən işlənilib, geniş prospekt və yolların çəkilməsi bilavasitə onun adı ilə bağlı olub. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən sovet ideologiyasının məhdudiyyətlərinə baxmayaraq, milli ornamentlərin memarlıq nümunələrinə daxil edilməsi cəsarətli və uzaqgörən addım idi.
Sonra konfrans iştirakçıları rayon Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə, Ulu Öndərə həsr edilən foto və kitablardan ibarət sərgilərlə tanış olublar.






