Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib

25 iyun 2025 | 12:30
Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə görüş keçirilib. Görüşdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev  qeyd edib ki, 26 iyun Azərbaycan tarixinin əlamətdar səhifələrindən biri - Milli Ordunun yarandığı gündür. 107 il əvvəl Azərbaycan Ordusunun yaranması milli dövlətçilik tarixinin mühüm mərhələlərindən biri kimi tarixə düşüb. Müstəqil Azərbaycan Ordusunun inkişaf edərək yeni mərhələyə qədəm qoyması məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adları ilə bağlıdır. Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəridir. Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur.
Rayon rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması olduğunu diqqətə çatdırıb. Bütün ölkə ərazisində olduğu kimi, Balakən rayonunda da şəhid ailələrinə və qazilərə diqqət və qayğı davamlı olaraq göstərilməkdədir.
   Digər çıxış edənlər qeyd ediblər ki, bu gün Azərbaycan Ordusu möhkəm maddi-texniki bazaya malikdir və ən müasir silahlarla təchiz olunub. Məhz Ali Baş Komandanın səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. 2020-ci il sentyabrın 27-də Azərbaycanın Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsi təkcə ölkəmizin tarixində deyil, dünya hərb tarixində mühüm iz qoyub. Torpaqlarımızın azad olunması ilə bağlı əmrə daim hazır olan Azərbaycan Ordusu Vətən müharibəsi günlərində bir addım da geri çəkilməyərək düşmənə ağır zərbələr vurub və 44 gün ərzində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib.
   Şəhidlərin ailə üzvləri, qazilər dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunduqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər