Balakəndə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda toplantı keçirilib
25 aprel 2023 | 18:15
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə aprelin 25-də Balakəndə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda toplantı keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərin xatirəsinə həsr edilmiş film nümayiş olunub.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev məruzə ilə çıxış edərək bildirib ki, Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan xalqının, ölkəmizin inkişafı üçün çalışıb. O, bütün mənalı ömrünü öz varlığı qədər sevdiyi Azərbaycan xalqına, onun inkişafına, dünya xalqları arasında layiqli yer tutmasına həsr edib. İki fərqli ictimai quruluşda Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev dövrün şərtlərinin, sistemlərin fərqli olmasına baxmayaraq, xalqımızı böyük bəlalardan xilas edib, ölkəmizi inamla irəli aparıb.
Vurğulanıb ki, Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər bütün sahələrdə tərəqqi və milli kimliyimizin dirçəldilməsi dövrü kimi, Azərbaycanın dövlətçilik tarixində parlaq bir mərhələni təşkil edir. Çox qısa vaxtda Ulu Öndərin rəhbərliyi ilə bütün sahələrdə ayrı-ayrı proqramlar, planlar hazırlanaraq icrasına başlanılıb, respublikanın iqtisadi potensialı əsaslı şəkildə artırılıb. Müasir istehsal sahələri yaradılıb, sənayenin yenidən qurulması və genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Milli mədəniyyətin dirçəldilməsi istiqamətində atılan addımlar, müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsinin qoyulması, onun mükəmməl bir konsepsiya şəklində irəli sürülməsi və icra olunması milli özünəqayıdışı təmin edib.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Ali Sovetin sədri seçilməsi Azərbaycanın dövlətçilik tarixində qurtuluş, yüksəliş, inkişaf və sabitlik erasının əsasını qoyub. Xalqın təkidli tələbi ilə Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra qısa zamanda dövlətçiliyin qorunması üçün həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik təmin olunub, ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyllər, geosiyasi reallıqlar və bir çox digər amillər nəzərə alınıb. Azərbaycanın inkişaf strategiyası hazırlanıb. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni tarixində çox böyük əhəmiyyət kəsb edib. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası” yeni iqtisadiyyat quruculuğunda önəmli rol oynayıb.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev, YAP Balakən rayon təşkilatı Qadınlar Şurasının sədri Züleyxa Dibirova və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramazan Xutra çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıblar. Vurğulanıb ki, Azərbaycanda 1993-cü ildə Ulu Öndərin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən təmin olunan və sonrakı mərhələlərdə daha da möhkəmlənən sabitlik, vətəndaş həmrəyliyi, xalq və iqtidar birliyi 2003-cü ildən sonrakı dövrdə də Azərbaycanın dinamik inkişafının əsasını təşkil edib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Həyata keçirilən iqtisadi islahatlar ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olub, bazar iqtisadiyyatına keçid mərhələsi uğurla tamamlanıb, qeyri-neft sektorunun inkişafına nail olunub.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.