Balakəndə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 10 illiyinə həsr olunmuş tədbir keçirilib
Fevralın 10-da Balakən rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, Şimal-Qərb Regional Enerji Təchizat və Satış İdarəsinin rəisi Nəriman Mahmudov, Balakən Elektrik Şəbəkəsinin məsul şəxsləri, rayonun elektrik enerjisi ilə təchizatı sahəsində çalışan şəxslər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Şəhidlər xiyabanını ziyarət edərək qəhrəman Vətən oğullarının xatirəsini yad ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkədə, o cümlədən rayonda istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi sahəsində “Azərişıq” ASC tərəfindən görülən genişmiqyaslı işlərdən söz açıb, bu sahədə çalışanları yubiley münasibətilə təbrik edib.
Sonda rayonda istehlakçıların elektrik enerjisi ilə təchizatı sahəsində səmərəli fəaliyyətinə və xüsusi xidmətlərinə görə fərqlənən bir qrup şəxsə Balakən Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
Həmçinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.