Balakəndə baharın gəlişi böyük sevinc və təntənə ilə qeyd olunub
Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi münasibətilə martın 19-da rayon Mədəniyyət Mərkəzinin qarşısında təntənəli bayram tədbiri təşkil olunub. Ümumrayon şənliyində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.
Tədbir Novruz tonqalının alovlandırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçıları Novruz atributlarından ibarət sərgi ilə tanış olublar.
Bahar qızı mərasim iştirakçılarını salamlayıb, onlara xoş arzularını çatdırıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə bütün balakənliləri təbrik edib, Novruzun müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğunu bildirib. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Rayon rəhbəri bildirib ki, son beş ildə isə Novruz bayramının qeyd edilməsi xüsusi məna daşıyır. Artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilir.
Sonra Novruzun rəmzləri olan kosa və keçəlin, bahar qızının iştirakı ilə əyləncəli proqramlar, bayram münasibətilə hazırlanmış təamlar nümayiş olunub. Rayon mədəniyyət işçilərinin ifasında bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, folklor qruplarının çıxışları, balacaların rəqsləri, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.