Balakəndə Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Balakən rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin sektor müdiri Elçin Musayev və rayonun təhsil ocaqlarının əməkdaşları iştirak ediblər.
Balakən rayonu üzrə təhsil sektorunun inzibati binasında keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək ölkəmizdə, o cümlədən Balakən rayonunda görülən işlərdən ətraflı danışıb. RİH başçısı bildirib ki, ümummilli lider Heydər Əliyev daim təhsil işçilərinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil ocaqlarının maddi-texniki bazasının gündən-günə gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Sonra çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin sektor müdiri Elçin Musayev, Nizami adına şəhər 1 saylı tam orta məktəbin direktoru Şəfiqə Tütünçüyeva, Qullar kənd 1 saylı tam orta məktəbin direktoru Vəfa Emçiyeva, Hənifə kənd tam orta məktəbin direktoru Cavanşir Alqayev və digərləri ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan, əldə olunan uğurlardan və qarşıya qoyulan vəzifələrdən danışıblar.
Daha sonra Balakən Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətində fərqlənən bir qrup təhsil işçisinə fəxri fərmanlar təqdim olunub.