Balakəndə Beynəlxalq Müəllimlər Günü qeyd olunub
06 oktyabr 2023 | 13:03
Oktyabrın 5-də Balakən rayonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Azad Balayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, rayon təhsil sektorunun müdiri Elvin Mustafayev, təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak edib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından danışıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında son illər respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olan Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər barədə məlumat verib. İcra başçısı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərin əməyinin danılmaz olduğunu, bundan sonra da yeni dövrün çağırışlarına uyğun gənclər yetişdirəcəklərinin əminliyini bildirib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev müəllimləri peşə bayramı münasibətilə təbrik edərək təhsilin inkişafı istiqamətində görülən işlərdən və müəllimlərin qazandığı uğurlardan danışıb. Habelə region üzrə şagird və müəllim nailiyyətləri, milli qiymətləndirmə və buraxılış imtahanın nəticələri üzrə uğurları bölüşüb, yeni tədris ili üçün prioritet istiqamətləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub.
Daha sonra Şərif kənd tam orta məktəbin müəllimi, şəhid anası Tinay Sarkayeva və şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Leyla Qardaşova çıxış edərək təhsilə, müəllimlərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbir şagirdlərin ədəbi-bədii çıxışları ilə davam etdirilib.
Daha sonra videoçarx nümayiş olunub.
Sonda səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyə sahəsində göstərdikləri fəal və nümunəvi xidmətlərinə görə bir qrup təhsil işçisi təltif edilib.