Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə bu il yüksək balla ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

04 sentyabr 2026 | 11:00

Bu gün Balakən Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib.
Görüşdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib. Tələbə adını qazanan məzunlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Rayon rəhbəri qeyd edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təhsilə verdiyi xüsusi önəm və diqqət ölkəmizdə təhsil siyasətinin davamlı inkişafının əsasını təşkil edir. Bu gün həmin strateji xətt Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə təhsilin inkişafı, müasir təhsil infrastrukturunun yaradılması, gənclərin hərtərəfli inkişafı və onların yüksək keyfiyyətli təhsil almaq imkanlarının genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Təhsilə göstərilən bu diqqət gənc nəslin savadlı, vətənpərvər və müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına xidmət edir.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri Mehparə Mirzəyeva 2025-2026-cı tədris ilinin yekunları və əldə olunmuş uğurlar barədə məlumat verib. Bildirilib ki, 2026-cı ildə rayon tam orta ümumtəhsil məktəblərini 769 şagird bitirib, onlardan 320 nəfəri ali məktəblərə qəbul olaraq tələbə adını qazanıb. Ali məktəblərə qəbul imtahanlarında 36 nəfər 500-dən, 14 nəfər isə 600-dən çox bal toplayıb. Eyni zamanda XI sinifi bitirən iki məzun-Balakən şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri olan Padarov Məhəmməd Ruslan oğlu və Muqumov Şamil Eldar oğlu təhsildə qazandıqları uğurlara görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Qızıl nişana layiq görülüb.
Balakən şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunları olan Ocaxverdiyeva Sərvim Arzu qızı, İsaxəliyeva Havva Rəfayıl qızı, Yunisli Xəzri Səid oğlu, Muradlı Gülər Sənan qızı, Mirzəliyeva Sona Rahib qızı, İmadəddin Nəsimi adına şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Qarayev Hikmət Mayis oğlu, Akademik Zərifə Əliyeva adına şəhər 3 nömrəli ümumtəhsil məktəbinin məzunları Məmmədova Səbinə Elşad qızı, Şirbidova Qumru Akif qızı, Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına humanitar və texniki fənlər təmayüllü liseyin məzunları İsmayılova Reyhan Pərviz qızı, Verdiyeva Elmira Əfqan qızı, Qaravəli kənd tam orta ümumtəhsil məktəbinin məzunu Alqayeva Aliyə Fərhad qızı, Üzeyir Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta ümumtəhsil məktəbinin məzunu Eminov Məhəmməd Murad oğlu, Qazma kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Şabanova Gülçin Elçin qızı və Katex kənd Mübariz Şabanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Nurayeva Zəhra Ilqar qızı ali məktəblərə qəbul imtahanlarında 600 baldan çox nəticə göstərib.
Eyni zamanda bildirilib ki, təhsil göstəriciləri aşağı olan və ya müsabiqədən keçə bilməyən məzunlar kolleclərə və pəşə təhsili mərkəzlərinə yönləndirilir. Bu təhsildən kənarda qalan gənclərin sayının minimuma endirilməsi, onlara praktiki peşə vərdişlərinin aşılanması və ixtisaslı texniki kadrların yetişdirilməsi məqsədi daşıyır. Həmçinin vurğulanıb ki, İmadəddin Nəsimi adına şəhər 2 nömrəli, Akademik Zərifə Əliyeva adına şəhər 3 nömrəli, Qarahacılı, Qaysa, Mahamalar və Qazma 1 nömrəli kənd tam orta ümumtəhsil məktəblərində peşə təmayüllü siniflər fəaliyyət göstərir. Burada əsas məqsəd ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnmələri yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.
Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnirlər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edir.
Tədbirdə digər çıxış edənlər məzunları yüksək nəticələrlə tələbə adına layiq görülmələri münasibətilə təbrik edib və nailiyyətlərinin davamlı olmasını arzulayıblar. Tələbə adını qazanan məzunlar çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara Balakən Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib.

Keçidlər