Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə dövlət qulluqçularının peşə bayramı qeyd olunub

23 iyun 2023 | 10:23

  İyunun 23-də dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Balakəndə tədbir keçirilib. Tədbirdə Balakən Rayon İcra hakimiyyətinin başçısı İslam Rzayev, YAP Balakən Rayon Təşkilatının sədri, RİHB-nin müavinləri və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

  Balakən rayonunda çalışan dövlət qulluqçuları əvvəlcə ümummilli liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər. 

  Tədbirdə çıxış edən  icra başçısı İslam Rzayev dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb və fəaliyyətlərində uğurlar diləyib. İslam Rzayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş RİHB-nin müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmovanı təbrik edib.

  Rayon rəhbəri çıxışında ölkəmizdə dövlət qulluğu sisteminin formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb, hazırda respublikamızda dövlət idarəçiliyi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib. Bildirilib ki,  bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

  Sonda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Keçidlər