Balakəndə erkən nikahın yaratdığı fəsadlar müzakirə olunub
Balakən rayonunun Qaysa kənd tam orta məktəbində "Erkən nikah və onun fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib. Balakən Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Sektorunun, Polis Şöbəsinin əməkdaşlarının, tibb işçilərinin, Qaysa və ətraf kəndlərdə fəaliyyət göstərən tam orta məktəblərin yuxarı sinif şagirdlərinin valideynlərinin, məktəb rəhbərlərinin iştirak etdiyi tədbirdə erkən nikahın fəsadları və sağlam cəmiyyətin gələcəyi üçün yaratdığı təhlükələrdən ətraflı bəhs olunub.
Tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları çıxış edərək, ölkə qanunvericiliyində nikah yaşı, erkən nikahın başvermə səbəbləri, nəticələri, fəsadları, erkən nikahın yaratdığı hüquq pozuntusu və digər məsələlərlə bağlı ətraflı məlumat verib, erkən nikah və zərərli vərdişlərdən uşaq və yeniyetmələrin qorunması istiqamətində valideynlərə tövsiyələrini bildiriblər. Diqqətə çatdırılıb ki, erkən nikahlar yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olur.
Çıxış edənlər erkən nikahların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib, bu istiqamətdə aidiyyəti dövlət qurumlarının birgə fəaliyyətinin zəruriliyini xüsusi vurğulayıblar.
Sonda auditoriyanın sualları cavablandırılıb, mövzu ilə bağlı valideynlərin fikirləri dinlənilib, qarşılıqlı müzakirə aparılıb.