Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib

20 sentyabr 2023 | 17:04
  Sentyabrın 20-də Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib.
  Konfransda Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda videoçarx nümayiş olunub.
  Konfransda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Ümumilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi” kimi möhtəşəm neft müqaviləsi imzalanıb. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. “Əsrin müqaviləsi” Ulu Öndərin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dahi şəxsiyyətin ikinci şah əsəri olub.
  Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatının sədri Azad Balayev, “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Dilbər Quliyeva və rayon Statistika İdarəsinin rəisi Fərhad Xəlilov çıxış edərək “Əsrin müqaviləsi”-nin Azərbaycanın uzunmüddətli strateji maraqlarının, siyasi, iqtisadi mənafelərinin təmin edilməsinə, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsinə, beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdiyini qeyd ediblər. Vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə görülən işlər, siyasi və iqtisadi islahatlar, milli maraqların gerçəkləşməsi üçün qətiyyətli və ardıcıl mübarizə gələcəyimizə böyük inam və etibarlı təminat yaradır.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.

 

Keçidlər