Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Gənclər Günü ilə bağlı tədbir keçirilib

31 yanvar 2025 | 17:49

  Yanvarın 31-də Balakən Rayon İcra Hakimiyyəti və rayon Gənclər İdman sektorunun birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib.
  Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon Gənclər İdman sektorunun müdiri Rasim Paçalov, hüquq-mühafizə orqanlarının rəhbərləri ictimaiyyət nümayəndələri, Vətən müharibəsi iştirakçıları, eyni zamanda rayonun fəal gəncləri iştirak ediblər.
  Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının inzibati binasında baş tutan tədbirdə iştirakçılar rəsm sərgisinə və müxtəlif xarici ölkələrdə yaşayan balakənli gənclərin təbriklərinin olduğu videoya baxıblar.
  Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
  Tədbirdə çıxış edən rayon rəhbəri İslam Rzayev əlamətdar gün münasibətilə müstəqil Azərbaycan gənclərini ürəkdən təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Gənclər Günü barədə Ulu Öndər Heydər Əliyevin tarixi Sərəncamının əhəmiyyəti və bu sahədə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə geniş məlumat verib.
İcra başçısı əlavə edib ki, bu gün hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Çünki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir.
Balakən rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Sərxan Hacıyev, Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev, rayon təhsil sektorunun baş məsləhətçi Sevinc İbadova, rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Zöhrə Bekeyeva, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Osman Əliyev, fəal gənc Lamiyə Dibirova gəncləri xüsusi gün münasibətilə təbrik edərək, gənclər siyasəti ilə bağlı ölkə başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələr ətrafında geniş çıxış edib, gənclərimizə şəxsi və ictimai həyatda uğurlar arzulayıblar.
  Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, eləcə də elm sahələrində fərqlənən bir qrup fəal gəncə Balakən Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

 

Keçidlər