Balakəndə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda tədbir keçirilib
İyunun 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda seminar keçirilib.
Tədbir iştirakçıları əvvəlcə rayon Heydər Əliyev Məkəzində Ulu Öndərin büstü önünə tər güllər düzərək xatirəsini ehtiramla yad ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Seminarı giriş sözü ilə açan RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova bildirib ki, Balakən azsaylı xalqların mehriban bir ailə kimi yaşadığı rayonlardan biridir. Rayonda azsayları xalqların adət-ənənəsinin, milli mədəniyyətinin, folklorunun inkişafı üçün hər cür şərait yaradılmışdır. Bildirib ki, bu gün Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Bakı Beynəlxaıq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov vurğulayıb ki, Azərbaycanda mövcud olan multikultural mühitin formalaşması, multikulturalizmin dövlət siyasəti səviyyəsinə qaldırılması məhz Ulu Öndərin fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan multikulturalizminin inkişafında xidmətlərinə həsr olunan seminarların keçirilməsində məqsəd Heydər Əliyevin çoxspektrli fəaliyyəti, xalqın təkidli tələbəi ilə siyasi hakimiyyətə ikinci dəfə gəlişindən sonra azərbaycançılıq məfkurəsinin yenidən təşəkkül tapmasında rolu, xüsusən də ölkəmizdə əsrlərdən bəri əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şərait, bu gün də milli və dini icmalara göstərilən dövlət qayğısı barədə geniş maarifləndirmə işləri aparmaqdır.
Dini Qrumlarla İş Üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Azərbaycanda dini-etnik icmaların həmrəyliyinin, birgəyaşayışın əsaslarının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Ölkəmizdə mövcud olan tolerant və multikultural mühit haqqında məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.