Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Heydər Əliyev İli” ilə əlaqədar konfrans keçirilib

10 mart 2023 | 18:05

  “Heydər Əliyev İli” ilə əlaqədar Balakəndə 10 mart 2023-cü il tarixdə Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirilib.

  Konfrans iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

  Konfransda çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirdi ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ulu öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.

  YAP Balakən rayon təşkilatının sədri Azad Balayev çıxışında qeyd edib ki, Azərbaycan tarixinin bir qərinədən artıq dövrü ötən əsrin dünya miqyaslı nəhəng siyasətçisi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Fövqəlbəşər şəxsiyyət öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda həyatını fəda etmişdir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.

 YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universtetinin Professoru Elnur Sadıqov vurğulayıb ki, Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Qısa müddətdə Azərbaycanın beynəlxalq imici dəyişmiş, ölkəmiz dünyanın siyasi və iqtisadi arenasının fəal subyektlərindən birinə çevrilmişdir.

   Çıxış edən Milli Məclisin üzvü Nəsib Məhəməliyev bildirdi ki, Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətlərini heç kim inkar edə bilməz. Onun ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlət qurulması, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi sahəsində gördüyü işlər unudulmazdır. Ulu öndər ölkədə bazar iqtisadiyyatının təşəkkül tapmasında, Azərbaycana xarici investisiyaların cəlb olunmasında, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində, xalqın rifah halının yüksəldilməsində çox böyük işlər görmüşdür. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan inkişaf etmiş və sivil dövlətlər sırasına çatmışdır. Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda, beynəlxalq sahədə kifayət qədər nailiyyətlər qazanılmışdırsa, dövlətçiliyin gücləndirilməsində, ölkənin tərəqqisində nə qədər yeniliklər, uğurlar əldə edilmişdirsə – bunlar Heydər Əliyevin sayəsində mümkün olmuşdur.

   Konfransda çıxış edən televiziya aparıcısı Nailə İslamzadə, Vətən müharibəsinin iştirakçısı İlyas Əsəbəliyev, YAP-rayon Qadınlar Şurasının sədri Dibirova Züleyxa çıxışlarında vurğulayıblar ki, Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

   Sonda rayonun ictimai siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərman ilə təltif edilib. YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

 

 

 

Keçidlər