Balakəndə “Heydər Əliyev İli” ilə əlaqədar “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı keçirilib
İyunun 1-də Balakən Rayon İcra Hakimiyyəti, rayon Təhsil sektoru və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə əlaqədar “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı keçirilib.
Şəhid, qazi ailələrinin övladlarının, məktəblilərin və bağça uşaqlarının iştirakı ilə rayon Mədəniyyət Mərkəzində keçirilən festivalın iştirakçıları əvvəlcə uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Festival Azərbaycan Respublikasının Dövlət Himninin səsləməsi ilə başlayıb.
Festivalda çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev uşaqların bizim gələcəyimiz olduğunu söyləyib. Vurğulayıb ki, dünyanın hər yerində uşaqlara qayğı göstərilməsi və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Uşaqların Beynəlxalq Müdafiəsi Günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir dövlət uşaqları qorumağı, onları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.
Qeyd olunub ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması dövlətin əsas məqsədlərindən biridir.
Uşaq yaradıcılıq festivalında uşaqların ifasında rəqs nömrələri və mahnılar təqdim olunub.