Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib

01 avqust 2023 | 17:25

   Avqustun  1-də Yeni Azərbaycan Partiyasının rayon təşkilatında  "Heydər Əliyev İli" çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib. Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəhbəri İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

   Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev həm Sovetlər dönəmində, həm də müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafına göstərdiyi qayğıdan söz açıb.

   Tədbirdə məruzə ilə çıxış edən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova qeyd edib ki, 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi. Məhz Ulu Öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.

   Daha sonra çıxış edənlər rayon məhkəməsinin hakimi Zamin Tahirov, şəhid anası Gülşən Kərimova, sertifikasiya imtahanında rayon üzrə ən yüksək nəticə göstərmiş Qaysa kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Mollayeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramazan Xutra Ulu Öndərin yüksək natiqlik məharətindən, xalqın dili ilə danışmasından, onun rəhbərlik etdiyi dövrdə ədəbiyyatımızın inkişafından söz açıb, Azərbaycan dilinin dərindən araşdırılması və təkmilləşdirilməsində Heydər Əliyevin müstəsna xidmətləri olduğunu bildiriblər.  Natiqlər çıxışlarında, həmçinin hazırda bu istiqamətdə aparılan dövlət siyasətindən, Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin əsas tərkib hissəsi olan ana dilimizin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində gördüyü işlərdən geniş söhbət açıblar.

   Sonda şagirdlərin ifasında dilimizin gözəlliyini vəsf edən şeirlər səsləndirilib, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.

Keçidlər