Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib

07 noyabr 2023 | 18:11
  Noyabrın 7-də Balakən Rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Konstitusiya Günü ərəfəsində  “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib.
  Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanmasının, müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsəri olduğunu bildirib. Rayon rəhbəri 1995-ci il iyunun 5-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək Ümummilli Liderin Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik etdiyini qeyd edib. Ümummilli Lider Heydər Əliyevin bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına çalışdığını və buna da nail olduğunu nəzərə çatdırıb .
  Digər çıxış edənlər rayon prokurorunun böyük köməkçisi Yunis Qurbanov, Balakən Rayon Məhkəməsinin sədri Zamin Tahirov və RİH-nin hüquq şöbəsinin müdiri Pirdas Qardaşova Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən birinin müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması olduğunu bildiriblər. Qeyd edilib ki, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması ölkədə milli dövlətin formalaşması, milli qanunvericiliyin möhkəmləndirilməsi üçün əhəmiyyətli əsas olmuşdur. Əsas Qanunumuzun bu qədər mükəmməl, dünyəvi və milli dəyərlərlə zəngin olması məhz ümummilli liderimiz Heydər Əliyevin zəkasının, zəhmətinin, təcrübəsinin məhsuludur.
  Vurğulanıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 20 illik fəaliyyəti dövründə bütün sahələrdə olduğu kimi qanunun aliliyinin qorunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də ulu öndər Heydər Əliyev siyasi kursu əzmlə davam etdirilir və bundan sonra da davam etdiriləcəkdir.
Keçidlər