Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “İnsan hüquq və аzadlıqlarının müdafiəsi dövlətin ali məqsədidir” mövzusunda tədbir keçirilib

10 iyun 2022 | 09:33

   İyunun 10-da Balakən rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “İnsаn hüquq və аzаdlıqlаrının müdafiəsi dövlətin ali məqsədidir” mövzusunda tədbir keçirilib.

   Tədbiri giriş sözü ilə açan Balakən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova müstəqil və müasir Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi sahəsində dövlətin rolundan danışıb. O qeyd edib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur.

   Daha sonra çıxış edən rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Pirdas Qardaşova vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi bəyan edilib. O bildirib ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli “Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 18 iyun tarixi respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur.

    Tədbirdə həmçinin rayon polis şöbəsinin rəis müavini Elxan Zamanov, rayon prokurorunun köməkçisi Gültac İsgəndərli və rayon təhsil şöbəsinin əməkdaşı Sevinc İbadova çıxış edib. Çıxışlar zamanı qeyd olunub ki, bu gün, həqiqətən də, hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verməkdədir. Bildirilib ki, vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına verilən ali dəyərin göstəricisidir. Bu baxımdan hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur.

   Habelə insan hüquqlarının müdafiəsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi islahatlar haqqında iştirakçılara məlumat verilib.

    Tədbir qarşılıqlı diskussiya formasında davam edib.

Keçidlər